Misirin müdafiə sənayesi geniş və müxtəlifdir: ölkədə həm Qərb lisensiyalı sistemlərin lokal istehsalı, həm də Çin, Pakistan və Cənubi Afrika kimi ölkələrlə ortaq icra olunan layihələr mövcuddur. Misir hərbi sənaye müəssisələri artilleriya sistemləri, yüngül zirehli texnika, PUA-lar, rabitə vasitələri və müxtəlif tipli döyüş sursatları ixrac etməyə qadirdir. Bu səbəbdən Ermənistanın müzakirələrdə əsas hədəfinin artilleriya və atəş dəstəyi vasitələri, pilotsuz sistemlər və arxa cəbhə təminatı üçün vacib olan sursat əldə etmək olduğu ehtimal edilir.
Ermənistan xüsusilə 2020-ci ildən sonra müharibədə üzləşdiyi fasiləsiz sursat çatışmazlığını kompensasiya etməyə çalışır və son iki ildə Hindistanla Fransa kimi ölkələrlə müxtəlif mənbələrdən alış həyata keçirib. Misir də bu kontekstdə ucuz istehsal xətti ilə diqqəti cəlb edir. Misir ordusunun öz ehtiyaclarını qarşılamaq üçün istehsal etdiyi 122 mm və 155 mm artilleriya mərmiləri Ermənistan üçün əhəmiyyətli ola bilər. Eyni zamanda Misirin Çinin “Wing Loong” sinfindən törəmə PUA-lar üzrə istehsal və modernizasiya imkanları da İrəvanın maraq dairəsinə düşə bilər.
Bununla belə, Ermənistanın Misir istiqamətində hərbi əməkdaşlığa yönəlməsi sırf texniki deyil, həm də diplomatik xarakter daşıyır. Ermənistan bölgədə yeni xarici siyasi dayaqlar axtarır və Misir kimi böyük ərəb dövləti ilə münasibətlərin genişləndirilməsi İrəvan üçün siyasi platforma yara bilər. Bu, xüsusilə İranla yaxınlaşmanın yaratdığı balanslaşdırma ehtiyacından doğur. Ermənistan tədricən özünün təhlükəsizlik arxitekturasını Rusiya dayağından kənara çıxarmaq istədikcə, ərəb dünyası ilə əlaqələri də şaxələndirməyə çalışır.
Lakin Misirin Ermənistanla hərbi əməkdaşlığında ciddi məhdudiyyətlər mövcuddur. Misir strateji olaraq həm Türkiyə, həm də Azərbaycanla son illərdə münasibətlərini kəskin şəkildə yaxşılaşdırıb. Qahirə Ankarayla enerji və Aralıq dənizi siyasətlərində dialoqu genişləndirməklə bərabər, Bakı ilə həm siyasi, həm iqtisadi, həm də müdafiə sahəsində əməkdaşlığı artırır. Azərbaycan neftinin Misir iqtisadiyyatı üçün əhəmiyyəti, həmçinin Qahirənin İslam dünyasındakı liderlik iddiası Misirin Ermənistanın regional balansı pozacaq silahlanma tələblərinə müsbət yanaşmasını məhdudlaşdırır.
Misir eyni zamanda Türkiyə və Azərbaycanla birgə müdafiə sənayesi əməkdaşlığı perspektivlərini nəzərə alır. Qahirə Ankara ilə birgə zirehli texnika və silah modernizasiya sahəsində müəyyən layihələr müzakirə edir, Azərbaycanla isə təhlükəsizlik sahəsində əməkdaşlıq artıq çoxsəviyyəlidir. Bu səbəbdən Misirin Ermənistanı silahlandırması potensial olaraq regional münasibətlərin gərginləşməsinə səbəb ola biləcəyi üçün Qahirə kritik texnologiyaların verilməsində ehtiyatlı davranacaq.
Bundan başqa, Misir ixrac etdiyi silahların keyfiyyətinə dair beynəlxalq imicini qorumağa çalışır və konflikt zonalarında balanssızlıq yarada biləcək satışlardan çəkinir. Misir əsasən Afrika və Yaxın Şərq ölkələrinə, yəni özünün strateji maraqlarına uyğun regionlara satış həyata keçirir. Cənubi Qafqaz isə Misir üçün nə prioritet bazardır, nə də Qahirə bu regionda vasitəçi rolunu güdür. Buna görə Ermənistanın Misirdən alacağı hər hansı texnika əsasən minimal səviyyəli, strateji dəyişiklik yaratmayan kateqoriyalara aid ola bilər.
Ermənistan isə Misrə açılan qapını daha geniş perspektivdə istifadə etməyə çalışır: sanksiya altında olmayan ölkələrdən silah almaq, İrəvanın Qərb və Hindistan xəttinə əlavə olaraq yeni kanal açmasına imkan verir. Bu, Ermənistanın məqsədyönlü şəkildə çoxmənbəli silahlanma strategiyasının tərkib hissəsidir. Lakin texniki baxımdan Misirin Ermənistana real şəkildə təmin edə biləcəyi sistemlər daha çox artilleriya sursatı, rabitə vasitələri və yüngül zirehli texnika kimi ikinci dərəcəli seqmentlərlə məhdudlaşa bilər.
Nəticədə qeyd edək ki, Ermənistanın Misirlə hərbi-texniki əməkdaşlıq cəhdləri İrəvanın silah tədarük zəncirini genişləndirmək məqsədindən doğur. Amma Misir kimi İslam ölkəsinin Azərbaycanla yüksələn münasibətlərini nəzərə alsaq, Qahirənin Ermənistana Bakı üçün strateji əhəmiyyət kəsb edən sistemlər və ya balansı dəyişdirə biləcək texnologiyalar təqdim etməsi real görünmür. Misir ehtiyatlı şəkildə yalnız regional konteksti pozmayan, daha çox logistika və aşağı səviyyəli ehtiyaclara cavab verən texniki dəstək göstərə bilər. Ermənistanın gözləntiləri ilə Misirin regional prioritetləri arasında məsafə böyükdür və bu səbəbdən tərəflərin real əməkdaşlıq səviyyəsi də məhdud olacaq.
Firuz Bağırov
Ordu.az